Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, şəhidin yaxınları, Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin cənazəsi İkinci Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Xatırladaq ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.
Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dərhal tviter hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Hadisədən sonra dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri ölkəmizə təxliyə olunub. Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşları və onların ailə üzvləri ötən gecə Bakıya gətirilib. Ümumilikdə 53 nəfər təxliyə olunub.
Qeyd edək ki, səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.