Xorvatiya hökumətinin pensiya yaşını 67-yə qaldırmaq və pensiyaya tez çıxanların əmək haqqını azaltmaq niyyəti Zaqreb küçələrində minlərlə insanın iştirak etdiyi etiraz aksiyasına səbəb oldu.
AZƏRTAC xəbər verir ki, hökumət parlamentə 2033-cü ilə kimi pensiya yaşını 65-dən 67-yə qaldırması barədə müraciət ünvanlayıb. Həmkarlar ittifaqlarının liderləri bu təklifi tənqid edərək bildiriblər ki, yeni qanun yaşlı işçilərə mənfi təsir edəcək. Səbəb kimi onların adətən pensiya yaşından tez vəzifədən azad edilmələri göstərilir. Qeyd olunur ki, xorvatların ömrü Avropa İttifaqının digər ölkələrindən fərqli olaraq daha azdır. Həmkarlar ittifaqlarının liderləri hökumətin onların etirazını nəzərə almayacağı təqdirdə pensiya yaşı ilə bağlı referendumun keçirilməsinin mümkünlüyünü vurğulayıblar.
Qeyd edək ki, müstəqil ekspertlərin fikrincə, Xorvatiyada pensiya yaşının artırılması ölkədə sabit pensiya sisteminin yaradılması üçün önəmlidir.