Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan Respublikasının şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilir.
Trend-in məlumatına görə, Hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.
Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yola salınıb, bu gün isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər İH-lərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb.
Həftənin sonunadək 90 ədəd müasir modul tipli evin hamısı təbii fəlakət bölgələrinə çatdırılacaqdır.
Həmçinin, İH-lər tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınmışdır.
Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcəkdir.