Türkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Kahramanmaraşda 258 saat dağıntılar altında qalmış 42 yaşlı Neslihan Kılıç xilas edilib.
O təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.