Ər-Riyadda Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin (“KSRelief”) təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq Humanitar Forumda dağıdıcı zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya yardımlar müzakirə olunub.
AZƏRTAC Səudiyyə Ərəbistanı KİV-ə istinadla xəbər verir ki, forumda iştirak edən Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha, BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Antonio Vitorino, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, BMT-nin Yəmən üzrə əlaqələndiricisi Lisa Qrande və UNICEF-in icraçı direktoru Henrietta Fore çıxış ediblər.
Humanitar yardım üzrə hökumət və qeyri-hökumət təşkilatlarının təqdimatında Səudiyyə İnkişaf Fondu, Səudiyyə Qızıl Aypara Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri dünyada təbii fəlakət və silahlı münaqişə zonalarına humanitar yardımların artırılmasının zəruriliyini vurğulayıblar. Bu kontekstdə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardımların davam edəcəyi diqqətə çatdırılıb.
Tədbirdə humanitar yardımın çatdırılması üçün qanunvericilik, informasiya və logistik mexanizmlər üzrə dialoqun təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Suriyada olduğu kimi, təbii fəlakətlər baş verən silahlı münaqişə zonalarında əhaliyə yardımların operativ çatdırılmasını təmin etmək məqsədilə əlavə mexanizmlər işlənib hazırlanmalıdır. Münaqişə tərəfləri bu məsələdə öz üzərinə daha ciddi öhdəliklər götürməli, bu proseslər BMT-nin uyğun strukturlarının nəzarəti altında həyata keçirilməlidir.
Fevralın 21-də forum öz işini davam etdirəcək.