Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın sərhədyanı rayonlarında Aİ-nin mülki monitorinq missiyasının işə başlamasını şərh edib.
Bu barədə bazar ertəsi Trend Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
“Yeni missiyanın yalnız mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin təhlükəsizlik və müdafiə üzrə Ümumi Siyasəti çərçivəsində baş verir. Buna görə də buna uyğun yanaşma olmalıdır. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiq Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq”, – deyə M.Zaxarova bildirib.
O qeyd edib ki, Moskva bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq eksklüziv geosiyasi məqsədlər görür.
“Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı ictimai səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur.
Bundan əlavə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilər”, – deyə XİN-in nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.
“Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh razılaşmasının inkişafı üzrə danışıqlar bölgədəki vəziyyəti yaxşılaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır”, – deyə M.Zaxarova bildirib.