Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
Bu barədə “Report”a XİN-dən məlumat verilib.
Görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğu ifadə edilib. Bu il Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu, bununla bağlı il ərzində hər iki ölkədə bu əlamətdar tarixə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Tərəflər iki ölkə arasında təhsil, elm, mədəniyyət, idman və gənclərlə iş sahəsində əməkdaşlığın dərinləşməsinin önəmini vurğulayıb. Tərəflər iki ölkə XİN-ləri arasında əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarus Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində dəstəyini məmnunluqla vurğulayıb. İ.Petrişenko həmçinin, ölkələrimiz arasında iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə tərəflər ölkələrimiz arasında yüksək səviyyədə parlamentlərarası əlaqələrin mövcudluğunu qeyd ediblər.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.