Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən “Müasir tədris prosesi: problemlər, yeni tələblər və çağırışlar” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə hərbi institutun zabit, professor-müəllim heyəti ilə yanaşı, Hərbi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Universiteti, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası və Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılara hərbi təhsil müəssisəsinin əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.
Ulu Öndərin “Təhsil millətin gələcəyidir” sözlərini xatırladan tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda bütün sahələrə, xüsusilə də elm və təhsil sahəsinə diqqət daha da artırılıb.
Bildirilib ki, Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsildə aparılan islahatlar nəticəsində gənc nəslin maarifləndirilməsi istiqamətində ölkəmizdə mühüm işlər görülür.
Tədbirdə müasir tədris prosesində mövcud problemlər, hərbi təhsil və mülki təhsil müəssisələrində tədrisin spesifikasi, yeni tələblər və çağırışlar, eləcə də digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.