“Biz gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxdığımız gənclərimizlə qürur duyuruq. Onların ulu öndər Heydər Əliyev idealları ilə ölkəmizin daha işıqlı gələcəyinə inamlı addımları, dövlətçiliyə, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə sədaqəti buna zəmin yaradıb”.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev gənclərlə görüşündə deyib.
Mütəmadi olaraq gənclərlə görüşən, onların problemləri, təklifləri ilə maraqlanan millət vəkili YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən görüşdə ölkədə gənclərlə aparılan işlərdən ətraflı bəhs edib. Qeyd edib ki, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gənclərin indi əsas vəzifəsi bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş
kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmaqdır.
Gəncədə gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün böyük imkanlar yaradıldığını qeyd edən millət vəkili şəhərdə yüzlərlə yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirildiyini, həmin tədbirlərdə fəallıqları ilə seçilən minlərlə gəncin iştirak etdiyini vurğulayıb.
Naqif Həmzəyev həmçinin bildirib ki, hər zaman gənclərin yanında olan, onlara kömək və dəstəyini əsirgəməyən YAP Gəncə şəhər təşkilatında gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi, intellektlərinin formalaşması, asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dəyirmi masalar, seminarlar, diskussiya, debat və treninqlər, Təlim və Resurs Mərkəzinin dil kursları, “Cine
Club”da nümayiş olunan filmlər gənclərin inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynayır.
Arzu Kəsəmənli, Orxan Mehtizadə, Canbaba Süleymanov, Səmayə Məmmədova, Şəfa Həsənova, Ofeliya Mirzəyeva, Əfsanə Məmmədova, Mədinə Əsgərova çıxış edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, dövlət, xalq qarşısında öz vəzifə və məsuliyyətlərini yaxşı dərk etdiklərini bildiriblər. Ölkəmizin gələcəyini quran insanların içərisində onların da payının olmasını çox istədiklərini qeyd ediblər. Bildiriblər ki, Yeni Azərbaycan Partiyasına üzv olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə edəcək, ölkəmizin inkişafına öz töhfələrini vermək imkanı qazanacaqlar.
Millət vəkili gənclərin çoxsaylı suallarını cavablandırıb və görüş müzakirə şəklində davam edib.