Azərbaycan Dövlət Pedaqoji Universiteti Könüllüləri Təşkilatının (ADPU Könüllüləri) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə tələbələr Vətən müharibəsi şəhidi İntiqam Abbasovun ailəsini ziyarət ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, şəhidin ailə üzvləri tələbələrə İntiqamın keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sevgisindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.
Azərbaycan Ordusunun baş giziri, tankçı İntiqam Abbasov Vətən müharibəsinin ilk günlərində – sentyabrın 29-da Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ön cəbhədə şəhid olub. Masallı rayonunun Köçəkli kəndində dəfn edilib.
Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən, İntiqam Abbasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, şəhidin övladı Xədicə Abbasova ADPU-da tarix və coğrafiya müəllimliyi ixtisası üzrə III kursda təhsil alır.