Gürcüstanda martın 7-si və 8-də keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılan şəxslər sərbəst buraxılıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, ilk növbədə “Qirçi” partiyasının sədri Zurab Çaparidze və partiyanın digər üzvü Nika Masiaşvili azadlığa buraxılıblar.
Saxlanılan digər aksiya iştirakçıları isə martın 9-da axşam saatlarında azadlığa buraxılıblar.
Lakin mitinq zamanı kütləvi iğtişaşlar törətməkdə, polis əməkdaşlarına, parlamentin binasına və digər əmlaka ciddi ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təhqiqat və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Məlumat üçün qeyd edək ki, Gürcüstan müxalifəti hakim partiyanın parlamentə təqdim etdiyi “Xarici təsir agenti” adlı qanun layihəsini parlamentin müzakirəsinə çıxardıqdan sonra kütləvi etiraz aksiyaları keçirib.
Aksiya martın 9-da axşam saatlarında yenidən başlayıb.