Kütləvi zəhərlənmə hallarının üç aydan artıqdır müşahidə edildiyi İranda indiyədək 25 əyalətdə 230 məktəbdə əksəriyyəti qızlardan ibarət 5 mindən çox şagird zəhərlənib. İranın müxtəlif əyalətlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edərkən, bir çox şəhərlərdə onlarla qız şagirdin zəhərləndiyi bildirilir. Belə ki, Xuzistan əyalətinin Əhvaz və Abadan şəhərlərində yeni zəhərlənmə halları qeydə alınıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Abadan Tibb Elmləri Universitetinin rektoru Seyid Məhəmməd Məhəmmədi şəhərdəki Muin Qızlar Məktəbinin bəzi tələbələrində zəhərlənmə əlamətlərinin olduğunu açıqlayıb.
Rektorun sözlərinə görə, 16 şagird müalicə olunduqdan sonra evə buraxılıb, bir şagirdin müalicəsi isə davam edir.
Qeyd edək ki, zəhərlənmə hallarının qarşısının alınmaması səbəbindən bəzi şəhərlərdə hakimiyyətə etiraz olaraq nümayişlər keçirilib.