Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin gömrük sahəsində də səmərəli əməkdaşlığın, işgüzar əlaqələrin formalaşmasına zəmin yaratdığı vurğulanıb. Bütün sahələrdə, həmçinin gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirildiyi, Orta Dəhliz üzrə tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində atılacaq addımların əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə təkan verəcəyi bildirilib.