Lənkəranda şəhid ailələrinin üzvlərinin və Vətən müharibəsi əlillərinin iştirakı ilə Novruz şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təşkil olunan bayram tədbirində rayon icra hakimiyyəti, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov lənkəranlıları və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, ruzi-bərəkətli və gözəl günlər arzulayıb. Bildirib ki, qədim kökləri olan Novruz bayramı milli-mənəvi dəyərlərimizi özündə yaşadan bayramlarımızdan biridir. İcra başçısı saflıq və təmizlik rəmzi olan Novruz bayramını xalqımızın hər il olduğu kim, bu il də daha təntənə ilə, alnıaçıq və üzüağ qeyd etdiyini vurğulayıb. Vurğulayıb ki, illərlə həsrətində olduğumuz torpaqlarımızda artıq Novruz tonqalı qalanır, təbiət əsl sahiblərinin gözləri önündə canlanır, milli adət-ənənələrimiz işğaldan azad edilən ərazilərimizdə yenidən yaşadılır. “Bütün bunlar isə məhz şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti və Ali Baş Komandanımızın dönməz iradəsi, “Dəmir Yumruğ”unun nəticəsində mümkün olub”, deyən icra başçısı xalqımızın hər zaman buna görə şəhidlərimizin ruhlarına və şəhid valideynlərinə minnətdarlıq hissi duyacağını qeyd edib.
Sonra şəhid Vüsal Kazımovun atası, Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımov və Milli Qəhrəman Ələsgər Əliyevin atası Ələkbər Əliyev çıxış ediblər. Bildirilib ki, haqq və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib və əziz tutulub. Buna görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Rayonun mədəniyyət, folklor klublarının və incəsənət işçilərinin iştirakı ilə musiqi, rəqs nömrələri təqdim olunub.