Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. T.Bayramov sıra ilə bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. T.Bayramov finalda moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn T.Bayramov Avropa çempionu olub.
Beləliklə, Azərbaycanın güləş yığmaları Avropa çempionatını ümumilikdə 6 qızıl, 3 gümüş, 3 bürünc medalla tamamlayıblar.
Sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublar. Yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.