Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirdə çıxış edərək Talış kəndinin sakinlərini, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb. Bildirib ki, bu bayramın xalqımız, xüsusilə Talış kəndinin sakinləri üçün xüsusi önəmi var. Talış kəndində 30 ildən sonra ilk dəfə Novruz bayramı qeyd olunur.
Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib.
Sakinlər qonaqlarla birlikdə “Yallı” sədası altında rəqs edib, şənləniblər. Axşam saatlarında kənd sakinlərinin iştirakı ilə bayram tonqalı qalanıb.
Talış kənd sakini İnayətxan Məmmədova sevinc hisslərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Otuz illik həsrətimiz sona çatdı. Novruz bayramını doğma kəndimizdə qeyd edirik. Buna görə Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram”.
Sakin Əyyub Əkbərov isə bildirib: “Bir neçə gündür kəndimizə köçmüşük. Kənddə sakinlər üçün çox gözəl şərait yaradılıb. Bu gün isə möhtəşəm Novruz şənliyi təşkil olunub. Otuz il idi ki, Novruzu yurdumuzdan kənarda qeyd edirdik. Otuz ildən sonra bu gün bayramı doğma kəndimizdə qeyd etməyimiz hər birimizə böyük sevinc bəxş edib”.