Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodetsi qəbul edib.
“Report” xəbər verir ki, dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin VI Bakı Beynəlxalq Humanitar Forumuna göndərdiyi təbrik məktubuna görə minnətdarlığını bildirib və orada qeyd olunan fikirlərin önəmini vurğulayıb.
Prezident İlham Əliyev Rusiyanın bu tədbirdə belə geniş tərkibdə təmsil olunmasından məmnunluğunu ifadə edib.
Dövlət başçısı bildirib ki, Rusiya Prezidenti ilə son görüşləri zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən bu Forumla bağlı məsələlər də müzakirə olunub və əməkdaşlığımızın bütün istiqamətlərdə, eləcə də humanitar sahədə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçısı qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiyanın bu sahədə əlaqələri nümunəvi xarakter daşıyır və humanitar əməkdaşlıq məsələsi demək olar ki, dövlət başçıları arasında keçirilən bütün görüşlərin gündəliyində durur. Prezident İlham Əliyev bildirib ki, siyasi sahədə əlaqələr də uğurla inkişaf edir. Bu baxımdan dövlət başçısı bir aydan az bir müddətdə özünün Rusiyaya rəsmi səfəri və Vladimir Putinin də Azərbaycana səfərinin həyata keçirilməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu qeyd edib.
Forumun bir daha iki ölkəl arasında yaxın əlaqələrin mövcud olduğunu nümayiş etdirdiyini deyən Prezident İlham Əliyev bu tədbirdə demək olar ki, dünya birliyinin yarısının təmsil olunmasını Foruma olan böyük diqqətin təzahürü kimi qiymətləndirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirinin müavini xanım Olqa Qolodets ölkəmizin, şəxsən Prezident İlham Əliyevin Humanitar Foruma göstərdiyi bu cür diqqətə görə minnətdarlığını bildirib. Bu tədbirin iki ölkənin dövlət başçıları tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayan qonaq forumdan-foruma iştirakçıların sayının artdığını və gündəliyin daha da genişləndiyini vurğulayıb. O qeyd edib ki, bu Forumda müzakirə olunan məsələlərin gündəlik həyatda reallaşması böyük önəm daşıyır.
Daha sonra xanım Olqa Qolodets vurğulayıb ki, həm Azərbaycan, həm də Rusiya davamlı olaraq tolerantlıq siyasətinin həyata keçirilməsi və milli mədəniyyətlərin vəhdət şəklində inkişaf etdirilməsi baxımından dünyaya bir nümunədirlər. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirək Forumun humanitar sahədə əməkdaşlıq işinə böyük töhfə verdiyini bildirib.