Dalyan şəhərində tamamilə Çində layihələndirilmiş və tikilmiş, dinamik yerləşdirmə (DP) sistemi ilə təchiz edilmiş nəhəng “NS PIONEER” tankeri istismara verilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tanker Çin Milli Okean Neft Korporasiyası tərəfindən dünyanın ən böyük dərinsulu neft və qaz yatağı – Braziliyanın Buzios və Mero yataqları üçün “Dalyan” gəmiqayırma zavoduna sifariş edilib.
Uzunluğu 279 metr, eni 48 metr, suya oturumu 23,7 metr və yükgötürmə qabiliyyəti 155 min ton olan bu gəmi Braziliyanın “Petrobras” neft və qaz şirkətinin ən son texniki xüsusiyyətlərinə uyğun inşa edilib və hazırda bu standarta uyğun dünyanın ən böyük DP tankeridir.