Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi yolverilməz bəyanatları ilə əlaqədar Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib.
Səfirliyin notasında “Yedinaya Rossiya” Partiyasından olan deputatın Azərbaycan və Türkiyə ilə bağlı fikirlərinin qəbuledilməz olduğu, regionda sabitliyi pozmağa yönəldiyi vurğulanıb, Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib.
İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda “Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd edilib.
Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycandır.
Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib. Oleq Matveyçev Azərbaycan ilə Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır.
Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir.