“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı Qusara səfər edib.
Kuklaçılar aprelin 24-də Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdiriblər.
Sənət ocağının repertuarındakı bu maraqlı tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb.
Nümunənin əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır.
Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir.
Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.
Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil ediblər.
Anşlaqla keçən tamaşa maraqla qarşılanıb.