Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirin keçirilməsində məqsəd Zərifə Əliyevanın əziz xatirəsini yad etmək, onun həyat və fəaliyyətini bir daha diqqətlərə çatdırmaq olub.
Tədbirdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Respublika Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Fatma Səttarova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevil Mikayılova, Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, Sağlamlığın Qorunması ictimai birliyinin sədri Yazgül Abdıyeva və digər tanınmış QHT sədrləri çıxış ediblər.
Çıxışçılar akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi, mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd ediblər. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyasının məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldığını vurğulayıblar. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyevanın respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etməsindən, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin formalaşdırmasından danışıblar.
Tədbirdən sonra dövlət rəsmiləri və QHT nümayəndələri Fəxri Xiyabanda oftalmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.