Rusiya-Ukrayna müharibəsindən qaçaraq Almaniyaya sığınan qaçqınların bir qrupu etiraz aksiyası keçirib.
“Report”un Avropa bürosunun məlumatına görə, Şimali Reyn Vestfaliya əyalətinin Bonn şəhərində keçirilən aksiyaya müharibədən əvvəl Ukraynada yaşayan milliyyətcə gürcü və azərbaycanlılar da qatılıblar.
“Ukraynalılar Bonnda” cəmiyyəti tərəfindən təşkil olunan aksiyada 9 may – Faşizm üzərində Qələbə günü münasibəti ilə təbriklər söylənilib.
Çıxışçılar vurğulayıb ki, İkinci Dünya müharibəsində qələbənin qazanılmasında ukraynalıların da rolu böyük olub.
Aksiyanın gedişində Rusiyanın Ukraynaya hərbi təcavüzünü göstərən kiçik teatr tamaşası göstərilib.
“Ukraynalılar Bonnda” cəmiyyəti əməkdaşlarının çıxışı zamanı vurğulanıb ki, bu gün Almaniya Ukraynadakı müharibədən qaçan insanları ən yaxşı qoruyan Avropa ölkəsidir.
Aksiyanın sonlarına yaxın Rusiya və Prezident Vladimir Putin əleyhinə şüarlar səsləndirilib.