Mayın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən bəhs edən Ə.Hüseynli Ümummilli Liderin uğurlu siyasəti nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə xarici siyasət, o cümlədən Rusiya ilə münasibətlər yaxşılığa doğru irəliləyib.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, çoxəsrlik tarixə söykənən Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz arasındakı ənənəvi dostluğa əsaslanır. Hər iki ölkə prezidentlərinin rəhbərliyi ilə dövlətlərimiz arasındakı tərəfdaşlıq strateji səviyyəyə yüksəlib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri də dinamik inkişaf edir və yeni məzmunla zənginləşir.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bildirib ki, Azərbaycan Rusiya üçün dost ölkədir. Hazırda ölkələrimiz arasında mövcud əlaqələrdən, perspektivlərdən bəhs edən Andrey Yatskin Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da güclənib inkişaf edəcəyinə inamını ifadə edib. O, həmçinin parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycan-Rusiya əlaqələrinin inkişaf perspektivlərindən danışıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.