Mayın 17-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, uşaq hüquqları üzrə mütəxəssislərin, uşaq psixiatrları və psixoloqlarının iştirakı ilə “Uşaqların informasiya təhlükəsizliyi üzrə ekspertlərin bilik və bacarıqlarının artırılması” mövzusuna dair ikigünlük beynəlxalq təlim başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların informasiya təhlükəsizliyinin təmin olunması, internet resurslarının xeyri və zərərləri, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər barədə məlumat verilib. O bildirib ki, uşaqların informasiya təhlükəsizliyinin təmin olunması çox önəmli məsələdir. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir.
Türkiyənin Bahçeşehir Universitetinin Təhsil Elmləri Fakültəsinin Kompüter Təhsili və Tədris Texnologiyaları kafedrasının dosenti Yavuz Samur təlimdə internetin zərərli təsirləri (kiber bullinq, kiber zorakılıq, insan alveri və s.) və ondan müdafiə üsulları, mediada uşaq hüquqlarının işıqlandırılması prinsipləri, informasiyanın uşaqlar üçün yaş həddinin müəyyən edilməsi qaydaları və qeyd olunan istiqamətlərdə Türkiyə təcrübəsi barədə iştirakçılara məlumat verib.