Milli İncəsənət Muzeyində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı olub

Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihənin kuratoru Könül Rəfiyeva layihə haqqında danışaraq, bu il Beynəlxalq Muzeylər Gününün devizi olan “Muzeylər, davamlılıq və rifah”ın ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirdiyini vurğulayıb. O deyib ki, layihə BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədlərini dəstəkləyərək, modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso çıxışında ölkəsinin qabaqcıl davamlı inkişaf sahəsindəki təcrübəsindən söhbət açıb. Bildirilib ki, İsveç tekstil sahəsindəki inkişafı ilə bütün dünyaya qabaqcıl, keyfiyyətli parçalardan ibarət dəb təqdim edir. Azərbaycanda hazırda İsveç rəssamının tekstildən, tullantılardan yaratdığı əsərlər nümayiş etdirilir.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə tədbirin əhəmiyyətindən danışaraq, bu cür təqdimatların önəmini vurğulayıb. Deyib ki, belə tədbirlərin təşkili çox önəmli və təqdirəlayiqdir. “Peşəkar ekoloq kimi demək istərdim ki, gənc nəsil tərəfindən belə mövzuların mənimsənilməsi və icrası olduqca önəmlidir. Təbiəti qorumaq bizim hamımızın əsas prioritetlərimizdən olmalıdır”, – deyə o qeyd edib.

Sonda tədbir iştirakçılarına mövzu ətrafında multimedia instalyasiyaları təqdim olunub.

ƏvvəlkiAzərbaycanın 11 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub
Növbətiİranda etiraz aksiyalarında iştirak etmiş 3 nəfər edam olunub