Mayın 19-da Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri – 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “Interfood Azerbaijan” sərgisi öz işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, sərgilərin işində ən mühüm hadisələrdən biri dövlət başçısının tədbirə qatılması olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verib.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunub. Ümumilikdə, sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edib, 9 ölkə isə milli stendlərlə təmsil olunub. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiya, eləcə də ilk dəfə sərgiyə gələn Tunis və Çexiyanın regional qrupları iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə “Grow Group” Azərbaycan, “Maschio Gaspardo”, “New Holland”, “Rostselmash”, “MySilo”, “Rauch Landmashchinen”, “SwissGrow”, “AfiMilk”, “Gowan”, “Can-Pa”, həmçinin Çexiya, İtaliya, Belarus, Gürcüstan, ABŞ və Niderland şirkətlərinin stendləri ilə tanış olublar. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikası, əkin və biçin üçün aqreqatlar və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirilib ki, qida təhlükəsizliyi kənd təsərrüfatı məhsullarının istehsalında ən vacib şərtlərdən biridir və buna görə də Naxçıvan fermerləri üzvi məhsulların becərilməsinə üstünlük verirlər.
Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xüsusi təqdimat hazırlanıb. Azərbaycanda aqrar sektorun inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Pavilyonda elmi-tədqiqat institutlarının ən son nailiyyətləri, “yaşıl” enerji mənbələri ilə bağlı qurğular və məhsullar təqdim olunub.
Burada müxtəlif müsabiqə və yarışların qalibləri olan kənd təsərrüfatı startapçılarının təqdim etdiyi arıların varroatozuna qarşı mübarizə üsulları, ənənəvi balıqçılıq üsullarını hidropon əkinçiliklə birləşdirən sistem, alternativ enerji mənbələrindən alınan bioqaz, hidrogen, ağıllı istixanalar üçün idarəetmə sistemi, lazer sistemi vasitəsilə sahələri alaq otlarından təmizləyən aqrorobot, avtomobillər üçün portativ enerji bloku, külək və günəşi müşahidə qurğuları, idarə olunan günəş panelləri, uzaqdan idarə olunan sayğaclar, külək turbinləri, iqlim stansiyaları, dəqiq suvarmanı idarəetmə sensorları, suvarmada istifadə olunan, günəş enerjisi ilə işləyən inventorlar nümayiş etdirilib.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlərin sərgilərdə ənənəvi iştirakı beynəlxalq əməkdaşlığın səciyyəvi xüsusiyyətlərini daha da rəngləndirib. Bu il “Caspian Agro” sərgisində Azərbaycanın qırx rayonundan rekord sayda fermer iştirak edib.
Sərgi çərçivəsində “Azərtexnika” MMC, “Aqritex” MMC, “Aqromotors” və Gəncə Avtomobil Zavodu tərəfindən kənd təsərrüfatında istifadə olunan texnika açıq meydançada nümayiş etdirilib.
Aqrar innovasiya forumu böyük maraq doğurub. Burada “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Üzvi kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və s. mövzular müzakirə olunub.
Sərgilərin xarici iştirakçıları ənənəvi B2B görüşlərinin məhsuldarlığını xüsusi qeyd ediblər ki, bu da təkcə Azərbaycan şirkətləri ilə deyil, həm də digər ölkələrin alıcıları ilə uzunmüddətli əməkdaşlığa təsir göstərir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşlarıdır.