Ankarada İsam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclası keçirilib.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, iclasda çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha rəhbərlik etdiyi təşkilatın İslam ölkələrində iqtisadiyyatın bərpasına dəstəyini davam etdirəcəyini bildirib. COVID-19 pandemiyası və bununla bağlı görülən tədbirlərin qlobal miqyasda iqtisadi fəaliyyətlərdə görünməmiş bir yavaşlamaya səbəb olduğunu ifadə edən Taha qeyd edib ki, 2022-ci ilin ortalarında dünya pandemiyanı nəzarət altına almağa başladı, lakin qlobal iqtisadi artım pandemiyanın təsirindən zəiflədi. Ukrayna-Rusiya müharibəsi və ondan sonrakı sanksiyalar bu prosesi daha da pisləşdirir.
İƏT-in Baş katibi deyib: “Müharibə hər iki ölkəyə təsir etdi və onun qlobal təsirləri də oldu. Bu, xüsusən Ukrayna və Rusiya ilə sıx iqtisadi əlaqələri olan ölkələrdə hiss olundu. Müharibə səbəbindən ərzaq təchizatı sistemi pozuldu. Bir çox İslam ölkələrinin ərzaq təhlükəsizliyi də bundan ciddi şəkildə təsirləndi. Dünya Bankının hesablamalarına görə, böhran daha 75-95 milyon insanı həddindən artıq yoxsulluq içində yaşamağa məcbur edəcək. Biz üzv ölkələrimiz arasında iqtisadi dirçəlişi dəstəkləmək və bu sahədə əməkdaşlığı artırmaq üçün səylər göstəririk. Bu məqsədlə çoxlu görüşlər keçiririk. Qətərdə ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı ilə bağlı toplantı təşkil etdik. İkinci iclasımız 2023-cü ilin 4-cü rübündə əmək nazirləri səviyyəsində keçiriləcək”.
Baş katib kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və məşğulluq yaradan sektorlara dəstək məqsədilə nazirlər səviyyəsində başqa görüşlərin keçiriləcəyini də bildirib. O əlavə edib: “Üzv ölkələr 18-ci İƏT Ticarət Sərgisinə dəvət olunurlar. Üçüncü turizm sərgisi də 2023-cü ilin noyabrında Qətərdə keçiriləcək. Mən də təşkilatımıza göstərdikləri səylərə görə təşəkkür etmək istəyirəm. Bütün qurumları layihələri dəstəkləməyə çağırıram”.
İclasda çıxış edən Qətər Ticarət və Sənaye Nazirliyinin Milli və Regional İnkişaf Departamentinin rəhbəri Səid Al Braidi əməkdaşlığın inkişafının və çətinliklərə qarşı birgə mübarizə aparmağın vacibliyini vurğulayıb. Ölkələr arasında fiziki ənənəvi ticarət və e-ticarət imkanlarını artıracaqları barədə məlumat verən qətərli nazir deyib: “Ölkələr üçün xidmət və ticarət baxımından rəqəmsallaşma prosesi başlayıb. Bu mövzuda atılan addımlar çox əhəmiyyətlidir. Bu istiqamətdə imkanları artırmaq məqsədilə çoxlu proqramlar hazırlanıb”.
İclasda diqqətə çatdırılıb ki, Türkiyə 2025-ci ildə keçirilməsi planlaşdırılan İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasına ev sahibliyi etməyə namizəd olub. Namizədlik İslamabad Bəyannaməsində qeyd edilib.