“Azərbaycanın Böyük Britaniya ilə karbohidrogen sektorundakı uğurlu əlaqələri hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində davam etdirilir”.
“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Sənayeləri Şurası ilə birgə keçirilən “Baku connect” adlı tədbirdə deyib.
Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib.
P. Şahbazov işğaldan azad olunmuş ərazilərdə BP şirkəti ilə günəş enerjisi layihəsinin icrasını diqqətə çatdıraraq, Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğunu deyib: “Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə BP ilə əməkdaşlığımız da təqdirəlayiqdir”.
50-dən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.