Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iyunun 1-də keçirilən birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə görə, utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.
Eyni zamanda, sənədə əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslər 700 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cu illər üçün Dövlət Proqramı” çərçivəsində respublika ərazisində yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi tədbirlərin reallaşdırılması üçün bir sıra normativ hüquqi aktlarda dəyişikliklər edilməsi yaranıb. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də bu məqsədlə hazırlanıb.