Türkiyə Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilmiş Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də inaqurasiya mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanı inaqurasiya mərasiminin keçirildiyi Türkiyə Böyük Millət Məclisində parlamentə sədrlik edən Dövlət Bağçalı qarşılayıb.
Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Prezidenti seçilməsinə dair protokolu ona təqdim edib.
Sonra Rəcəb Tayyib Ərdoğan and içib.
Türkiyə Böyük Millət Məclisindəki inaqurasiya mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.
Dövlət başçısı Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Türkiyə Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabını imzalayıb.
Bakı vaxtı ilə saat 19:00-da Ankarada “Külliye” Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçiriləcək. Həmin mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün Ankaraya işgüzar səfərə gəliblər.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.
Xatırladaq ki, Türkiyədə Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 27 milyon 834 min 589 səslə (52,18 faiz) qalib gəlib.