12 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.
XİN-dən “Report”a bildirilib ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Belarus və Azərbaycan arasında Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılıqlı etimada əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.
İqtisadi münasibətlərin genişlənməsi üçün böyük potensialın olduğunu bildirən nazir müavini, iqtisadi sahədə əməkdaşlığa dair birgə Hökumətlərarası komissiyanın 15 may 2023-cü ildə baş tutmuş sonuncu 13-cü iclasında mühüm qərarlar qəbul edildiyini və iqtisadi əlaqələrimizin daha da möhkəmləndirilməsinə yönəlmiş istiqamətlərin nəzərdən keçirildiyini vurğulayıb. Nazir müavini ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da Azərbaycan və Belarus xalqlarının rifahı və firavanlığı naminə inkişaf edəcəyinə inam ifadə edib.
Ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini diqqətə çatdıran Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkov, ölkəsi tərəfindən mövcud münasibətlərin iki ölkə arasında qarşılıqlı faydalı, bərabərhüquqlu və davamlı fəaliyyət və əməkdaşlıq üçün möhkəm əsas kimi qiymətləndirildiyini qeyd edib.
Tədbirdə, həmçinin nazir müavini Xələf Xələfov və Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkov tərəfindən Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə markalanmış zərfin möhürlənməsi mərasimi təşkil olunub. İki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olaraq imzalanmış zərflər qarşılıqlı olaraq təqdim edilib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.