Azərbaycan cüdoçuları Sloveniyada təşkil olunan Kodokan Kata seminarında iştirak ediblər.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, ilk dəfə Avropa kata çempionatında iştirak edən cüdoçularımız Malik Allahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov Kadokan Kata seminarına qatılıblar.
Kadokan Kata seminarı yaponiyalı mütəxəssislər Uemura Haruki (doqquzuncu dan), Karya Çikara (altıncı dan), Dobya Yoşihiisa (səkkizinci dan) və Arikava Yuki (altıncı dan) tərəfindən keçirilib. Cüdoçular təlim zamanı əyani sürətdə imtahan verərək qurumun prezidenti Uemura Haruki tərəfindən sertifikat ilə təltif olunublar.
Kadokan Kata seminarı bacarıqların təkmilləşdirilməsi ilə yanaşı, katanı dərindən öyrənmək üçün nadir imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan sonra da cüdoçuların ustalıq səviyyəsini artırmaq məqsədi ilə Avropa kata çempionatında və Kadokan Kata seminarında idmançılarımızın iştirakını dəstəkləyəcək.