Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.