Tarixi şəhərlərdə yenilənmə prosesində ən əsas tələblərdən biri qədim tikinti ənənələri və formasının qorunması, eləcə də mövcud memarlıq abidələri ilə vəhdət təşkil etməsidir. Ümumilikdə isə şəhər mühitinin formalaşması memarlıq və bədii mühitin yaradılmasını əhatə edən davamlı bir prosesdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında memar Vaqif Hüseynov deyib.
Onun sözlərinə görə, istənilən şəhərin görkəmi bilavasitə müasir memarlıq obyektlərinin tikintisi və eyni zamanda xüsusi dəyərə malik tarixi binaların qorunub saxlanması ilə bağlıdır. Şuşa şəhəri Azərbaycan memarlığının ən gözəl örnəklərindəndir. Bu tarixi şəhərin memarlıq simasının yenidən qurulması, tarixi-mədəni irsinin qorunub saxlanılması üçün xüsusi tələblər irəli sürülməlidir.
Memar qeyd edib ki, Şuşanın ermənilər tərəfindən işğalı illərində muzeylər, mədəniyyət klubları, kitabxanalar, uşaq musiqi məktəbləri, Dövlət Rəsm Qalereyası, dram teatrı kimi çoxsaylı memarlıq nümunələri dağıdılıb: “Bu baxımdan Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq. Təqdim olunan Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Baş planda şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur. Şəhərdə 25 min sakinin yerləşməsi planlaşdırılır. Bütün kommunikasiyalar və infrastruktur obyektləri də 25 min əhali üçün hesablanıb”.
V.Hüseynov Baş planın hazırlanması zamanı Şuşa şəhərinin turizm potensialının da nəzərə alındığını vurğulayıb: Bu ərazilərdə təbii şərait, yerli ənənə, yerli əhalinin xarakterik xüsusiyyətləri, əsas məşğuliyyət həvəsi, ekologiyanın ciddi surətdə qorunması və digər məsələlər də xüsusi əhəmiyyət kəsb edir. Hər bir şəhərin, kəndin infrastrukturunun bərpası üçün təcrübəli mütəxəssislər dəvət olunmalı, onlar Baş planın müəllifləri ilə layihələrin işlənib həyata keçirilməsinə nəzarət etməlidirlər”, – deyə memar bildirib.