Prezident İlham Əliyev dünən çox haqlı iradlar səsləndirdi.
Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirilən brifinqdə deyib.
“Prezident İlham Əliyevin bütün tapşırıq və iradları icra olunacaq və bunun təkrarlanmamasına çalışacağıq”, – deyə o, əlavə edib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.