Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb. Otuz iki ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, 48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq.
Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək.
Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq.
Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq.
Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb.
Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.