Bu həftəsonu dolu və güclü küləklə müşayiət olunan güclü fırtına Serbiyada 3 nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə RTS məlumat yayıb.
Bildirilib ki, pis havadan ən çox Voyvodina, Baçka-Palanka və Novi-Sad şəhərləri zərər çəkib.
Serbiyanın müxtəlif bölgələrində pis hava şəraiti səbəbindən elektrik enerjisinin kəsilməsi, həmçinin ağacların aşması səbəbindən xeyli zərərlər qeydə alınıb. Külək qalın ağacları kökündən qoparıb, budaqları qırıb.
Kovaçitsa şəhərində bir qadın ağaca düşən ildırımdan sonra evinə keçən yanğın sonucunda ölüb.
Novi-Sad şəhərində 12 yaşlı uşaq pis havanın qurbanı olub. Ölümün ilkin səbəbi elektrik cərəyanı vurmasıdır.
Bundan başqa, Baçka-Palanka şəhərində darvazasına düşən elektrik kabellərini çıxarmaq istəyən şəxs elektrik cərəyanı vurması sonucunda ölüb.
Kralevo şəhərində dolu və güclü külək avtomobillərin şüşələrini qırıb, yıxılan ağaclar da var.
Vurğulanıb ki, dolu bir sıra bölgələrdə kənd təsərrüfatı əkinlərinə xeyli ziyan vurub.