İyulun 25-də Baş Prokurorluqda Mərkəzi aparatın, respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2023-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyənləşdirilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Baş Prokurorluğun kollegiya üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
İclasda Ümummilli Lider Heydər Əliyevin, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb, yaralanan hərbçilərimizə şəfa arzulanıb.
Baş prokuror Kamran Əliyev iclasda çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət və məhkəmə-hüquq sisteminin quruculuğu və inkişafındakı rolu, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb. Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması nəticəsində Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrildiyi qeyd edilib, xarici siyasətlə yanaşı, ölkə daxilində də mühüm uğurlar qazandığı, bütün sahələrdə dinamik inkişafın davam etdirildiyi bildirilib. Azad olunmuş əzəli torpaqlarımızda analoqu olmayan quruculuq işlərinin uğurla davam etdirildiyi, “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulduğu diqqətə çatdırılıb.
Hesabat dövründə prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərdən danışan Baş prokuror Kamran Əliyev bildirib ki, ilin birinci yarısında ölkə ərazisində 19 min 533 cinayət qeydə alınıb. Onların 88,3 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 9946 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 674-ü prokurorluq orqanlarında istintaq edilib.
Bu müddətdə prokurorluq orqanları tərəfindən 452, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8184 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş 151 milyon 424 min manat məbləğində maddi ziyanın 40,2 faizi istintaq tədbirləri ilə ödətdirilib. Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyənləşdirilib. İstintaq tədbirləri ilə onun 17 milyon 407 min manat hissəsi ödətdirilib.
Xüsusi qeyd edilib ki, Prezidentin 2021-ci il 7 may tarixli Fərmanında əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının tam istifadəsinə verilib. Hazırda sistemin təkmilləşdirilməsi və digər informasiya sistemlərinə inteqrasiya istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizəni hesabat dövründə də uğurla davam etdirib. Korrupsiya hüquqpozmasına yol vermiş 218 şəxs barəsində 144 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 3 milyon 996 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 3 milyon 578 min manat məbləğində əmlak üzərinə həbs qoyulub. Baş İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 20-si üzrə cinayət işləri başlanıb. Digər müraciətlər üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 28 şəxs cinayət başında yaxalanıb, əldə edilmiş məlumatlar əsasında 85 cinayət işi başlanıb. Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 42 şəxs barəsində 24 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib. Bunlardan 10 şəxs barəsində 10 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.
Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi orqanları və penitensiar xidmət ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edildiyi, hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, cari ilin birinci yarısında Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlər görüb.
İclasda Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilərin əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı bildirilib.
Bildirilib ki, cari ilin birinci yarısında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 733 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Həmçinin xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Müxtəlif xətalar törətdiklərinə görə 25 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-na töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin yerinə yetirildiyi, vakant vəzifələrin gənc hüquqşünaslarla komplektləşdirilməsinin davam etdirildiyi diqqətə çatdırılıb.
Kollegiya iclasında xüsusi müsadirə, aktivlərin bərpası sahəsində görülmüş işlər vurğulanmaqla, bu sahədə beynəlxalq təcrübənin yaxından öyrənilməsi üçün zəruri tədbirlərin görüldüyü bildirilib. Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və müharibə iştirakçılarının müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb. Prokurorluq işçilərinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün Elm-Tədris Mərkəzi tərəfindən təlimlər keçirilib, tədris-metodiki vəsaitlər hazırlanıb. Habelə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib və faydalı fikir mübadiləsi aparılıb.
Kollegiya iclasında hesabat dövründə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İstintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.
Sumqayıt şəhər, Laçın, Qazax rayon və Qubadlı hərbi prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi barədə məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini bildirib.