Azərbaycanda beynəlxalq yükdaşıma fəaliyyəti göstərən şirkətlərin sayı il ərzində 6,8 dəfə artaraq 2023-cü ilin I yarımilliyin sonuna 1 307-yə çatıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, indiyənədək 222 hüquqi və 1 085 fiziki şəxs olmaqla 1 307 operator qeydiyyata alınıb və onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün buraxılış vəsiqəsi verilib: “Qeydiyyata alınmış operatorların ümumilikdə 7 124 avtonəqliyyat vasitəsinə buraxılış kartı verilib”.
Bildirilir ki, Azərbaycan Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın 2023-cü il 8 aprel tarixindən tətbiqinə başlanılıb.
Qaydaların tətbiqi ilə əlaqədar AYNA-da daşıyıcıların iştirakı ilə maarifləndirici görüşlər keçirilib və buraxılış qayadaları haqqında təqdimatlar edilib. Hər bir daşıyıcıya buraxılış qaydalarına uyğun hazırlıq işləri görməsi və sənədləri AYNA-ya təqdim etməsi barədə rəsmi məktub göndərilib. Məktubda tələb olunan sənədlərin siyahısı qeyd olunub. Daşıyıcı Bələdçisi xidməti çərçivəsində daşıyıcılar qəbul edilərək sualları cavablandırılıb, eləcə də AYNA əməkdaşları tərəfindən hər bir daşıyıcıya zəng edilərək Qaydaların tələbləri izah edilib.