Venesuelanın paytaxtı Karakas şəhərində Latın Amerikası və Karib hövzəsindən olan Qoşulmama Hərəkatı (QH) Gənclərinin 1-ci Regional Forumu işə başlayıb.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatından (QHGT) AZƏRTAC-a bildirilib ki, Venesuela Bolivar Respublikasının Gənclər və İdman üzrə Xalq Hakimiyyəti Nazirliyi və QHGT-nin Venesuela üzrə Milli Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən Forum, Hərəkata üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Qarşıdan gələn 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş Forumun ilk günü açılış mərasimi ilə başlayıb. Venesuela Bolivar Respublikasının gənclər və idman üzrə xalq hakimiyyəti naziri Mervin Maldonadonun salamlama nitqi ilə başlayan açılış mərasimi Venesuelanın xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pintonun nitqi ilə davam edib. Hər iki nazir gənc iştirakçıları salamlayaraq gənclərin beynəlxalq arenada təmsil olunmasının vacibliyini vurğulayıb və gəncləri Qoşulmama Hərəkatı, onun prinsipləri və dəyərləri haqqında məlumat almaq üçün Forumda fəal iştirak etməyə çağırıb. Həmçinin nazirlər QHGT-nin Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərini bir araya gətirən effektiv platforma kimi fəaliyyətini yüksək qiymətləndirərək Təşkilatın işinə və regiondakı fəaliyyətinə uğurlar arzulayıblar. Daha sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə Təşkilatın yaranma tarixindən bəhs edərək onun 43 milli bölməsinin aktiv fəaliyyət göstərdiyini qeyd edib. O, Təşkilatın regiondakı fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Forum müddətində bütün gənc iştirakçılara uğurlar diləyib.
Forumun ilk günü “Yeni qlobal dövrdə gənclər siyasəti sahəsində irəliləyişlər və çətinliklər” mövzusunda QH Modeli Simulyasiyası ilə davam edib. Qoşulmama Hərəkatının nazirlər iclasını canlandıran simulyasiyada gənclər müxtəlif Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunda çıxış edərək qlobal problemlərə həll yolları təklif ediblər. Simulyasiya iştirakçılara natiqlik və debat bacarıqlarını təkmilləşdirmək və təmsil etdikləri ölkələrin perspektivlərindən mövzuya unikal baxış əldə etmək üçün imkan yaradıb.
QH Gənclərinin 1-ci Regional Forumunun ilk günü QH Modeli Simulyasiyasının bağlanış mərasimi ilə yekunlaşıb. QHGT-nin sədri O.Qəhrəmanzadə Foruma göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə, təşkilati heyətə və QH Modeli Simulyasiyasında aktiv iştirak etdikləri üçün gənc iştirakçılara təşəkkür edib.
Qeyd edək ki, üç gün davam edəcək Regional Forum çərçivəsində Qoşulmama Hərəkatı və onun prinsipləri barədə panel müzakirələri və təlim sessiyaları da daxil olmaqla, geniş spektrli fəaliyyətlər həyata keçiriləcək.