Prezident Şavkat Mirziyoyev açıq şəkildə bildirdi ki, Özbəkistan Qarabağı suveren Azərbaycanın ayrılmaz hissəsi hesab edir

Bu gün tam əminliklə demək olar ki, Özbəkistan və Azərbaycan liderlərinin siyası iradəsi və birgə səyləri sayəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və getdikcə daha çox praktiki məzmun kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin şöbə müdiri Şoxrux Sadıkovun “Nuz.uz” özbək onlayn qəzetində dərc olunan “Özbəkistan – Azərbaycan: zamanın sınağından keçmiş münasibətlər” sərlövhəli məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Azərbaycan haqlı olaraq, Cənubi Qafqazda siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, elmi və mədəni sahələrdə böyük uğurlar nümayiş etdirən və dinamik inkişaf edən dövlətdir. Ölkə dünya arenasında layiqincə yüksək nüfuza malikdir, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də ona yaxın olan Türk dünyası ölkələri, xüsusən Mərkəzi Asiyanın əsas dövləti olan Özbəkistanla hərtərəfli əlaqələrin möhkəmləndirilməsidir. Sadıkovun yazdığına görə, şübhəsiz ki, bu baxımdan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respublikasına ilk dövlət səfəri mühüm tarixi hadisə olub.

O, prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev arasında təkbətək və geniş tərkibdə aparılmış danışıqları təhlil edərək yazır ki, liderlər Özbəkistan-Azərbaycan çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi məsələlərini ətraflı müzakirə ediblər. Hökumətlərin qarşısında ikitərəfli əməkdaşlıq potensialından maksimum dərəcədə tam istifadə edilməsi üzrə konkret vəzifələr qoyulub. Bunun üçün səfər zamanı bir sıra strateji istiqamətlər üzrə praktik əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş on altı vacib sənədin də əlavə edildiyi sanballı müqavilə-hüquq bazası mövcuddur.

Bu kontekstdə özbək diplomat liderlər tərəfindən imzalanan Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqaviləni xüsusi vurğulayır. Onun sözlərinə görə, bununla da iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafının təmin edilməsinə xidmət edəcək tamamilə yeni qarşılıqlı fəaliyyət mexanizminin yaradılması üçün hüquqi baza formalaşdırılıb.

Özbəkistanın ilk günlərdən Azərbaycanın suverenliyini daim dəstəklədiyini və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün tərəfdarı olduğunu qeyd edən məqalənin müəllifi xatırladır ki, Özbəkistan dövlətinin başçısı 2021-ci ilin martında Türk Şurasının qeyri-rəsmi Sammitində çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Qarabağ ərazilərinin qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik edib. Özbəkistanın Qarabağ torpağında qədim abidələrin, mədəniyyət və təhsil obyektlərinin bərpasına töhfə verməyə hazır olduğu bildirilib.

İki ildən sonra Prezident Şavkat Mirziyoyevin bəyanatlarının reallaşdığını, Füzuli şəhərində onun təşəbbüsü ilə görkəmli özbək alimi və dövlət xadimi Mirzə Uluqbəyin adını daşıyan ultramüasir məktəbin istifadəyə verildiyini vurğulayan Sadıkov əlavə edir ki, bu unikal və xarici dövlət tərəfindən Azərbaycan ərazisində həyata keçirilən ilk belə layihədir.

“Ölkəmizin rəhbəri Füzulidə məktəbin açılış mərasimində şəxsən iştirakı və Şuşa şəhərinə səfəri ilə açıq şəkildə bildirdi ki, Özbəkistan Qarabağ torpağını suveren Azərbaycan Respublikasının ayrılmaz və bölünməz hissəsi hesab edir”, – deyə Özbəkistan Xarici İşlər Nazirliyinin şöbə müdiri bildirib.

Məqalədə qeyd olunur ki, bir-birinə mütəmadi olaraq qardaşlıq dəstəyinin göstərilməsi çoxtərəfli formatlarda da özünü göstərir. Yazıda bununla əlaqədar Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının bir sıra qətnamələrinin dəstəklənməsinə və həmmüəllifliyinə görə Azərbaycana minnətdarlıq ifadə edilib.

Əvvəlkiİranda zavodda partlayış olub, ölən və yaralananlar var
NövbətiÜç rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq