“Türk dünyası və çağdaş türk ləhcələri” kitabı nəşr edilib

Türkiyənin Pamukkale Universitetinin İnsan və Sosial Elmlər Fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrası Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü münasibətilə “Türk dünyası və çağdaş türk ləhcələri” adlı kitab çap edib.

“Report”un xəbərinə görə, nəşrdə qeyd olunan sahələrlə bağlı kafedranın professor-müəllim heyətinin, doktorant və magistrantlarının elmi çalışmaları əksini tapıb.

Üç hissədən ibarət kitabın birinci hissəsində Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri professor Nərgiz Biray kafedranın elmi araşdırmaları və əldə etdiyi nailiyyətlərlə bağlı müfəssəl məlumat verib.

Kitabın ikinci hissəsində cümhuriyyət dönəmində Türkiyədə qazax, qırğız, türkmən, özbək, tuva və çuvaş türkcələri, Azərbaycan, türkmən, qazax, tuva ədəbiyyatı və yakut türkləri ilə bağlı aparılan araşdırmaların analitik biblioqrafiyası işıqlandırılıb.

“Türk dünyası və çağdaş türk ləhcələri” adlı kitabın üçüncü hissə isə türk dünyasının şair və yazarlarının təqdimatı, onların əsər və ədəbi şəxsiyyətləri barədə bilgilərdən ibarətdir.

Qeyd edək ki, kitabda tənqidçi Aqil Bəkirin Türkiyədə Azərbaycan ədəbiyyatı ilə bağlı son 10 ildə aparılan araşdırmalardan bəhs edən məqaləsi də dərc olunub.

ƏvvəlkiÜçüncü qrup üzrə qəbul imtahanlarında 373 nəfər 600-dən çox bal toplayıb
NövbətiSərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayılıb