Türk.az xəbər verir ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) 21 iyul 2023-cü il tarixdə xitam verilib.
F.Ələkbərova 1990-cu ildən həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, Ələkbərova Faina Emmanuilovna 1947-ci il sentyabrın 6-da Ukraynanın Odessa şəhərində anadan olub. 1949-cu ildən Bakı şəhərində yaşayır. 1965-ci ildə Bakı şəhərindəki 160 №-li orta məktəbi gümüş medalla bitirib. 1965-ci ildə həmin məktəbdə baş pioner dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1973-cü ilin sentyabr ayından 1974-cü ilin avqust ayınadək orada tarix və ictimaiyyət fənnindən dərs deyib. 1974-1984-cü illərdə həmin məktəbdə sinifdanxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsində işləyib. 1984-1990-cı illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. 1990-cı ilin mart ayında 160 №-li məktəbin kollektivi onu direktor vəzifəsinə seçib.
Hələlik 160 nömrəli Klassik gimnaziyaya direktor təyinatı həyata keçirilməyib.