Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Aşıqlar Birliyi və Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə ustad aşıqlar Əkbər Cəfərovun 90, Əlixan Niftəliyevin isə 80 illiyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Tovuz rayon Nizami adına mədəniyyət evində reallaşan tədbirdə görkəmli folklorşünas alim, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı hər iki ustadın bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən söz açıb. O deyib: “Bu gün unudulmaz tarixi bir gündür. Bugünkü tədbirin təqdimatı da qeyri-adidir. Əməkdar mədəniyyət işçiləri Ə.Cəfərov və Ə.Niftəliyevin yubileyi bərabər qeyd olunur. Bu iki böyük sənətkar Azərbaycan aşıq sənətini təkcə Tovuz və ölkəmiz miqyasında deyil, bütövlükdə Türk dünyasında, beynəlxalq miqyasda çox ləyaqətlə təmsil ediblər. Əkbər Cəfərov böyük bir ənənənin içərisindən gəlirdi. O, Mirzə Bayramov və Əsəd Rzayev kimi böyük ustadların sənət ənənəsini davam etdirib. Eləcə də Əlixan Niftəliyev də Azərbaycan aşıqlığını hər yerdə ləyaqətlə təmsil edib”.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov son zamanlar ölkəmizdə aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışaraq, aşıq sənətinin milli mədəniyyətimizin incisi olduğunu qeyd edib. “Bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, o cümlədən aşıq sənətinə xüsusi diqqət yetirib. Heydər Əliyevin təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2019-cu ildə möhtərəm Prezidentimiz rayonumuzda aşıq sənəti muzeyinin tikintisi barədə Sərəncam imzalamış, 2020-ci ildə isə rayona səfəri çərçivəsində ölkəmizdə ilk və yeganə olan bu muzeyin açılışını etmişdir. Eyni zamanda aşıq Əkbərin yaratmış olduğu böyük ifaçılıq məktəbi xüsusilə qeyd olunmalıdır. Bu məktəbdən bəhrələnənlərin miqyası çox-çox uzaqlara şaxələnib. Onlar bilavasitə aşıq Əkbərdən dərs almasalar da, böyük ustadın sənəti onlarla gənclərə sirayət edib. İndi də Əkbər yolu gedənlərin, onun sənətinə tapınanların sayı heç də az deyil. Bununla belə, aşığın ustadlıq statusu həm də onun bilavasitə yetirmələri ilə ölçülüb. Aşıq Əkbər ustadlar yetirən ustad idi. Onlardan biri də 80 illik yubileyini qeyd etdiyimiz aşıq Əlixan Niftəliyevdir”, – deyə M.Məmmədov vurğulayıb.
Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, həmçinin Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov və digər tədbir iştirakçıları çıxış edərək saz-söz sənətkarları Ə.Cəfərov və Ə.Niftəliyevin Azərbaycan aşıq sənətinə verdikləri töhfələrdən danışıblar.
Böyük maraqla qarşılanan yubiley tədbiri aşıqların ifaları ilə davam edib.
Sonda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini onun ailəsinə hədiyyə edib. Aşıqların ailə üzvləri aşıq sənətinə, mədəniyyətə, xalq yaradıcılığına və folklora verilən yüksək qiymətə görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.