Taekvondo üzrə Azərbaycan yığması Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının komanda yarışlarında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrindən ibarət yığma yarımfinalda Rusiyanın Ural Dövlət Universitetinə 38:54 hesabı ilə məğlub olaraq üçüncü yeri tutub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.