Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə göndərdiyi məktubunda yer alıb.
Məktubunda Özbəkistanı qardaş ölkə adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevə və Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.
“Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib ki, iki ölkə arasındakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlər, mütəmadi görüşlər, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Şavkat Mirziyoyevin bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyi dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açıb, strateji tərəfdaşlığın hərtərəfli inkişafına güclü təkan verib.
Məktubda Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.