Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə baş insan hüquqları müşaviri Vladimir Şkolnikovla görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər və həyata keçirilən islahatlar barədə geniş məlumat verib. O, beynəlxalq insan hüquqları qurumları və xarici ölkələrin ombudsmanları ilə sıx əməkdaşlığa, təcrübə mübadiləsinə böyük əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb.
Müvəkkil, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq müqavilə qurumlarına paralel hesabatların təqdim olunduğunu qeyd edib.
Qonaq, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın mülki əhalini hədəfə alan silahlı terror-təxribat əməlləri barədə məlumatlandırılıb. Çox sayda günahsız insanın həyatına son qoyan, regionda sülh və təhlükəsizlik üçün təhlükə yaradan bu kimi cinayət əməllərinin qarşısının alınması, insanların hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinə toxunulub. Bildirilib ki, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir.
S.Əliyeva işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın həyata keçirdiyi mina terroru haqqında danışıb, mina partlayışı nəticəsində bu günədək 300-dən çox mülki şəxsin və hərbçinin mina qurbanına çevrildiyini qeyd edib.
Söhbət zamanı Ermənistan tərəfindən dəqiq mina xəritələrinin hələ də ölkəmizə təqdim edilməməsi, itkin düşmüş azərbaycanlılar, minaların bölgədə abadlıq-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərin geri dönüşünə maneə yaratması məsələlərinə də toxunulub
Eyni zamanda, BMT ilə Ombudsman təsisatı arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.