“Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək”.
“Report”un xəbərinə görə, bunu Baş Prokurorun müavini Elmar Camalov Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi sənədlərlə yanaşı, xarici arxiv sənədlərin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib: “Əsrin əvvəlində, o cümlədən 1905-1906, 1918-1920, daha sonra 1948-1953-cü illərdə baş vermiş deportasiya, soyqırımı və qətliamları özündə əks etdirən arxiv sənədlərin toplanması zamanı çoxsaylı yerli tarixi arxiv sənədləri ilə yanaşı, xarici arxiv sənədlərinin surətləri də əldə edilərək cinayət işinə əlavə edilib. Hazırda bu istiqamətdə istintaqın aparılması davam etdirilir. Təbii ki, bu işin gedişatı və nəticəsi barədə ictimaiyyət Azərbaycan Baş Prokurorluğu tərəfindən məlumatlandırılacaq”.
E.Camalov vurğulayıb ki, eyni zamanda, Azərbaycan Baş Prokurorluğu, Ermənistan və onların havadarları tərəfindən törədilən cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətə və məhkəmələrə çatdırılması barədə təkliflərin hazırlanması istiqamətində işlər aparılmaqdadır: “Əminəm ki, birgə apardığımız işlər tarixi ədalətin bərqərar olmasına səbəb olacaq. Xalqımıza qarşı, o cümlədən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı törədilən cinayətlərə görə Ermənistan dövləti və müvafiq şəxslər cavab verəcək, mümkün olan şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bütün qaçqın və məcburi köçkünlər isə öz doğma torpaqlarına qayıdacaqlar”.