Respublikaçı konqresmenlər Amerika lideri Cozef Baydenin iddialarının əksinə olaraq oğlu Hanterin Çindəki biznesi ilə əlaqəli olduğuna dair yeni sübutlar əldə ediblər. Belə ki, Amerika liderinin evinə Çindən 250 min dollarlıq iki çek göndərilib.
“Report” xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bəyan edib.
Onun sözlərinə görə, yeni məlumatlar prezident Baydenin amerikalılara yenidən yalan danışdığını göstərir:
“İndi bildiyimiz kimi, o, vitse-prezident olanda və 2013-cü ildə vitse-prezidentin təyyarəsi ilə Çinə gedəndə onun yanında oğlu Hanter Bayden də olub. Hazırkı Amerika liderinin oğlu çinli iş adamı Conatan Li ilə görüşmək üçün Çinə səfər edib.
O, amerikalılara ailəsinin heç vaxt Çindən pul almadığını dedikdə, bu, doğru deyildi. Bu gün öyrəndik ki, Pekindən Conatan Li tərəfindən Hanter Baydenə 250 min dollarlıq iki çek göndərilib. Bilirsiniz ünvan hara idi? Bu, Baydenin evi idi”.
Kevin Makkarti Bayden ailəsinin vəkilinin də yalan danışıdığını bildirib: “O əvvəllər əmin etdi ki, guya onlar bu şəxsdən heç vaxt pul almayıblar. Bu yalan idi. İndi öyrəndik ki, Cozef Bayden nəinki bu adamla dost olub, hətta onun uşaqları üçün kollec tövsiyə məktubları yazıb”.