Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqlim dəyişmələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələr Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri ilə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva arasında aparılıb.
Görüşdə Birləşmiş Ərəb Əmirliklərində noyabrın sonunda keçiriləcək İqlim Dəyişmələri üzrə 28-ci Konfrans (COP 28) ərəfəsində birgə fəaliyyət istiqamətləri, “yaşıl” inkişafa keçid perspektivləri, Paris Sazişi ilə bağlı məqsədlərə nail olunması məsələləri ətrafında fikir mübadiləsi olub.
Azərbaycanın COP28-də ölkə pavilyonu ilə iştirakının nəzərdə tutulduğu qonaq tərəfindən yüksək qiymətləndirilib.